Gürcüstandan Azərbaycana qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb.
"Unikal" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Gürcüstan istiqamətindən Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında və digər gizli saxlanc yerlərində çəkisi 0,5 qram psixotrop maddə - metamfetamin və 3 qram narkotik vasitə - marixuana aşkar edilib.
Daha sonra sürücü yoxlama otağına dəvət olunub və üzərindən, ümumi çəkisi 2 qram psixotrop maddə - metamfetamin və 2 qram narkotik vasitə - marixuana aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.