Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
"Unikal" xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.