Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Bu barədə "Unikal"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.