Xəbər verildiyi kimi, Baş Prokurorluğun nümayəndə heyətinin Tbilisidə keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransı və ümumi yığıncağında iştirakı davam edib.
"Unikal" xəbər verir ki, sentyabrın 29-da BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, parallel maliyyə istintaqı və aktivlərin bərpası mövzularında keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində bir sıra ölkələrin prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak ediblər.
Sessiyaya sədrlik edən Baş prokurorunun müavini Heydər Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş prokurorluğun yeni strukturu təsdiq edilməklə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin təsis edilməsi, idarə tərəfindən vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi ilə əlaqədar prokurorluğun struktur qurumlarının fəaliyyətinın əlaqələndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Heydər Məmmədov korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində Baş prokurorun rəhbərliyi ilə həyata keçirilən institusional tədbirlərdən danışaraq bu xüsusda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə məlumat verib.
Azərbaycan prokurorluğunun təşəbbüsü ilə keçirilmiş sessiyada Avropa Prokurorluq Xidmətinin rəhbəri Laura Kövesi, İrlandiya Prokurorluq xidmətinin sabiq rəhbəri Ceyms Həmilton, Gürcüstan Baş Prokurorluğunun idarə rəisi Nikoloz Çinkoraşvili və Estoniyanın Şimal dairə prokuroru Kairi Kaldoja çıxış edərək bu sahədə milli və beynəlxalq mütərəqqi təcrübələri bölüşüblər.
Assosiasiyanın Ümumi Yığıncaqda Argentinanın Buenos Ayres Muxtar şəhərinin Baş prokuroru Huan Batista Mahikes təşkilatın yeni prezidenti seçilib.
Səfər çərçivəsində heyətimiz müxtəlif ölkələrdən olan həmkarları ilə görüşərək gələcək əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.
Baş Prokurorluğun nümayəndə heyətinin Tbilisiyə işgüzar səfəri başa çatıb.