"Ermənistanın hərəkətlərini qiymətləndirmək çətindir. Ona görə ki, bir gündə 3-4 dəfə ziddiyət təşkil edən bəyanatlar verirlər".
Bunu "Unikal"a açıqlamasında deputat Asim Mollazadə Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən ikitərəfli görüşü şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycan Ermənistan tərəfinə öz təkliflərini verib:
"Azərbaycan Ermənistan tərəfindən danışıqların imitasiyasını deyil, normal qərarların qəbul edilməsini gözləyir. Azərbaycan əmindir ki, bölgədə sabitlik, tərəfdaşlıq mühiti yaratmaq olar. Ermənistanın bir dövlət kimi yeganə xilas yolu sülh istiqamətində zəruri addımlar atmaqdır. Ona görə də istənilən platformada bu danışıqları aparırıq. Sülh istiqamətində yol ondan ibarətdir ki, Ermənistan götürdüyü öhdəlikləri icra etməlidir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Müvafiq sazişlərlə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Biz, onların icrasını gözləyirik".
Xatırladaq ki, ötən gün İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.
Anar Kəlbiyev