"Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir".
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Bəyan edirik ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurublar.
Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən bugünədək davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsidir.
Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınmışdır.
Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycanın Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür.
Azərbaycanın Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!", - məlumatda qeyd edilib.