Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
Bu barədə "Unikal"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.
Ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.
***
10:23
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev "Unikal"a bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.
Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.
***
09:17
Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
"Unikal" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.
***
09:04
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.
"Unikal" xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda yol polisi əməkdaşları tıxacın aradan qaldlrıması üzrə işlər görürlər.