Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev hərbi attaşelərə hadisə barədə ətraflı məlumat verib.
"Unikal"ın məlumatına görə, o bildirib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 10 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb. Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Səməd Tomuyev tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən mülki infrastruktura dəyən ziyanın aradan qaldırılması istiqamətində görülən işlər barəsində də məlumat verilib.
Tədbirin sonunda Müdafiə Nazirliyinin xatirə və təşəkkür plaketi Gəncə Şəhər İcra Hakimiyyəti basçısının birinci müavini Səməd Tomuyevə təqdim edilib
Qeyd edək ki, səfər çərçivəsində hərbi attaşelər Nizami Gəncəvi Məqbərə Kompleksində də olublar. Burada onlara dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib.