Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlı rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimində şəhid ailələri və qazilərlə görüşüb.
"Unikal" xəbər verir ki, anım mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Ali Rıza Altunel, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin və Gəncliyə Yardım Fondunun nümayəndələri, Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdən əvvəl iştirakçılar tərədfindən Saatlı rayonunda Şəhidlər Xiyabanı ziyarət edildi və şəhid abidələrinə çiçəklər qoyulub.
Anım mərasimi dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edərək başladı, daha sonra isə Azərbaycanın dövlət himni səsləndirildi. Mərasimdə Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə baş sağlığı verən Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, onlara belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü bildirib:
"Azərbaycan xalqı bu oğullarımızla daim qürur duyur, şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır. Vətənimizin bütövlüyü, Qarabağın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Biz qələbə sevincinə görə hər zaman onlara borcluyuq.” İctimaiyyət nümayəndələrinin iştirakı ilə Saatlı rayonunda təşkil olunan mərasimdə vurğulanıb ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən, doğma Qarabağımızda və işğaldan azad olunmuş rayonlarımızda uğurla həyata keçirilən nəhəng quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyimizin ən qüdrətli dövrünü yaşayırıq. Şanlı Zəfərimizin qazanılmasında qəhrəman şəhidlərimizin və igid qazilərimizin xidmətləri misilsizdir. Hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən Saatlı, Sabirabad, Kürdəmir rayonlarının sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini veriblər, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib. Anım mərasimində xüsusi məmnunluqla qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub, son illər ərzində 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə və fərdi evlərlə, 7 400-ə yaxın əlil isə minik avtomobilləri ilə təmin edilib. Allah Vətən torpağı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzu edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!