İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin hüquqları artırılır.
“Unikal” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.
Eyni zamanda sənəddə bildirilib ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev