Növbəti ildə əhaliyə ödənişlər 6 077, 58 milyon manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) ümumi xərclərinin 97,02 %-i səviyyəsində proqnozlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində qeyd olunub.
Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 5 907, 18 milyon manatı əmək pensiyalarının və 170,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdən ibarətdir.
Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 646,38 milyon manat və 11,90 % çoxdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2023-cü il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,2 %-ni təşkil edir. 2023-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 12,36 % və ya 650,18 milyon manat çox nəzərdə tutulub.
2023-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi təqdim olunmuş gözlənilən artım tempinə (14,5 %) uyğun indeksləşdirilməsi nəzərə alınır.