Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dəstək məqsədilə qardaş ölkənin ilk milli markası olan TOGG avtomobilini almaq üçün sifariş verdiyi deyilir.
"Unikal" "CNN tük" telekanalına istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiya Mərkəzi İdarə Heyətinin (MYK) toplantısında bildirilib.
Türkiyə KİV-lərinin yaydığı məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında TOGG avtomobilini sifariş verdiyi qeyd olunub.
Azərbaycan liderinin bu addımı qardaş Türkiyənin iqtisadiyyatına böyük dəstək kimi qiymətləndilir.
Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.
Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır.
Onu da bildirək ki, Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirilən yerli avtomobilin mart ayında satışa verilməsi gözlənilir.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək niyyətindədir. Onun sözlərinə görə, ölkə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır.