Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.e.d. Məhərrəm Zülfüqarlının yeni  kitabı çapdan çıxıb. Zəfər günü ərəfəsində işıq üzü görən “Şuşa-müxtəsər tarix (1752-2022)” kitabı “Şuşa ili”nə həsr olunub.

"Unikal" xəbər verir ki, kitabda dəniz səviyyəsindən 1 300-1 600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşa şəhərinin 1752-ci ildə Pənahəli xan tərəfindən əsasının qoyulduğu, 1756-cı ildə isə Qarabağ xanlığının paytaxt Şuşaya köçürüldüyü qeyd edilib.

Məlumdur ki,1992-ci il mayın 8 -də erməni silahlı qüvvələri tərəfindən işğal edilən qədim mədəniyyət mərkəzi Şuşa 28 ildən sonra- 2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  7 may 2021-ci il tarixli qərarına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında isə 2023- cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi  qərara alınıb. 

“Şuşa –müxtəsər tarix (1752-2022)” kitabında Şuşa 1752-1805-ci illərdə, Türk dünyasının mədəniyyət paytaxtının tarixi abidələri, Kürəkçay müqaviləsindən sonrakı Şuşa (1805-1918), Şuşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920), Şuşa sovet hakimiyyəti illərində (1920-1991), Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı(1988-1992), Müzəffər Ordumuzun Şuşanı işğaldan azad etməsi (08 noyabr 2020),o cümlədən Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi və sair önəmli hadisələrə dair fakt və hadisələr  elmi-tarixi baxımdan xronoloji ardıcıllıqla  əksini tapıb.

Professor M.Zülfüqarlının”Şuşa-müxtəsər tarix (1752-2022)” kitabı bakalavr, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.