"Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Serbiya tərəfinin Azərbaycan Prezidentinin səfərinə xüsusi önəm nümayiş etdirməsini xüsusi qeyd etmək lazımdır:
"Dövlət başçımızı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişlənib".
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır:
"İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir".