Ötən gün Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə,Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika Şəhəri Parlamentinin sədri Masanori Minami, diplomat Taiçi Ono və digər yaponiyalı qonaqlar iştirak ediblər.
Qonaqları salamlayan Xətai rayonu İcra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, onları yenidən Azərbaycanda, rayonumuzda görməkdən çox məmnundur. Bildirilib ki, ölkələrimiz arasında dost münasibətlər mövcuddur. 2018-ci ildən Şika şəhəri ilə Xətai rayonu arasında dostluq münasibətləri var. Rayonun Heydər Parkınnın ərazisində "Yapon bağı" salınıb, 2018-ci ildə Şika şəhəri ilə Xətai rayonu arasında dostluq protokolu imzalanıb. Görüş çərçivəsində Rafiq Quluyev qonaqlara ölkəmizin Vətən Müharibəsində əldə etdiyi böyük Zəfərdən, bu 30 ildə erməni vandalları tərəfindən işgal olunan rayonlarımızın, şəhərlərimizin viran qoyulması və hazırda azad edilən ərazilərdə davam edən yenidənqurma və bərpa prosesləri haqqında söhbət açıb. Qeyd olunub ki, əbəs yerə Ağdam şəhərini "Qafqazın Xiriosiması" adlandırımırlar. Müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin azad edilmiş ərazilərə səfərləri zamanı yaydıqları video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini gördü. Lakin artıq bütün dünya bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə edir. Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.
Şika şəhərinin meri Masaru Koizumi və digər qonaqlar yüksək səviyyədə qəbul üçün təşəkkür edib, ölkəmizin bütün sahələrdə inkişafını müşahidə etdiklərini bildirdilər. Xətai rayonu və Şika şəhərinin əlaqələrinin Yaponiya və Azərbaycan dostluğuna böyük bir tövhə olacağını qeyd ediblər.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.