Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatada təlim keçmək hüququ qazanan UNEC tələbələri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə rektor professor Ədalət Muradov, müvafiq struktur rəhbərləri və palatanın nümayəndələri iştirak ediblər.
Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının ali təhsil müəssisələrinin əsas keyfiyyət göstəricilərindən olduğuna diqqət çəkərək, əməyin qiymətləndirilməsində əməkhaqqı səviyyəsinin mühüm rol oynadığını bildirib. Sürətlə dəyişən dünyada tələbələrə yumşaq və sərt bacarıqların aşılanmasının əhəmiyyətindən danışan rektor, UNEC-də bu istiqamət üzrə fənlərin tədris olunduğunu deyib. Ədalət Muradov işəgötürənlərin işçi üçün UNEC-ə müraciət etməsinin bir ilk olduğunu vurğulayaraq, Hesablama Palatasının bu təşəbbüsündən qürur duyduğunu deyib. Üçtərəfli əməkdaşlıq çərçivəsində “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisasları üzrə yüksək göstəriciləri olan 42 tələbənin Palatada təlim və təcrübə keçəcəyinin hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məzunu olduğu UNEC-in ali təhsilin ən yüksək keyfiyyət göstəricilərini özündə birləşdirdiyini və ölkənin aparıcı universitetlərindən biri olduğunu qeyd edib. Palata sədri işəgötürənlərin məzunların bilik və bacarıqlarına olan tələblərindən, eləcə də ölkədə maliyyə uçotu və audit sahəsində peşəkar mütəxəssisi çatışmazlığdan danışıb. UNEC ilə Hesablama Palatası arasında imzalanan memorandum çərçivəsində dövlət auditi sahəsində peşəkar kadr hazırlığı məqsədilə 12 proqram üzrə təlimlərə start verildiyini deyən Vüqar Gülməmmədov, təlimləri uğurla bitirən UNEC tələbələrinin Palatada işlə təmin olunacaqlarını diqqətə çatdırıb.
Sonra Hesablama Palatasının nümayəndələri təmsil etdikləri qurumun fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.