Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova British Council tərəfindən maliyyələşdirilən “Creative Spark: Ali təhsil proqramı” çərçivəsində İngiltərənin Grinviç Universitetində işgüzar səfərdə olub.
"Unikal" xəbər verir ki, qeyd olunan proqram üzrə ATMU, İqtisad Universiteti və Musiqi Akademiyası ilə birgə gerçəkləşən layihənin ATMU üzrə koordinatoru F. Qaçabəyovanın səfərində əsas məqsəd tərəfdaş Grinviç Universitetində sahibkarlıq inkubasiya mərkəzlərinin fəaliyyəti və tələbələrin sahibkarlıq bacarıqlarının inkişafını dəstəkləyən fəaliyyətlərlə tanışlıqdan ibarət idi.
Səfər çərçivəsində Azərbaycandan olan layihə tərəfdaşları Grinviç Universitetinin inkubasiya mərkəzinin işi, onların effektiv idarəedilməsi, birgə elmi-tədqiqatların işlənib hazırlanması, müştərək layihələrdə tərəfdaşlığın daha da genişləndirilməsi və sair mövzulara dair müzakirəyə qatılıblar. Qeyd etmək lazımdır ki,adıkeçən layihənin icrası müddətində Azərbaycan Turizm və Menecment Universitetində qazanılan nəticələr tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb.