Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla Agentliyin İdarə Heyətinin üzvlərinin sayı artırılaraq 4 edilib. Əvvəl isə 3 üzvdən ibarət idi.
Digər dəyişikliklə isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.
Bundan əvvəl isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirirdi.