Bildiyiniz kimi, ötən gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova havalə edilib.
Vasif Talıbovun istefasından sonra Naxçıvanda idarəetmənin dəyişəcəyinə dair fikirlər səsləndirilir. Muxtar Respublikaya Prezidentin xüsusi nümayəndəsinin təyin olunacağı da səsləndirilən iddialar arasındadır.
Bu məsələ ilə bağlı "Unikal"a açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, bu mümkündür:
"Azərbaycanın istənilən ərazisinə xüsusi nümayəndənin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətidir. Nəzərə alsaq ki, Azərbaycan 14 iqtisadi rayona bölünüb və onların içərisində Naxçıvan da var, deməli, Prezident həmin bölgəyə də öz nümayəndəsini təyin edə bilər.
Konstitusiya Prezidentə bu hüququ verib. Prezident də artıq bu hüquqdan istifadə edib. Belə ki, Qarabağ bölgəsində və Şuşada Prezidentin xüsusi nümayəndələri var.
Hesab edirəm ki, Prezident Naxçıvana da öz nümayəndəsini təyin edə bilər. Qanun buna yol verir", - deyə o qeyd edib.
Murad İbrahimli