Gəncədə 1963-cü il təvəllüdlü atası Azad Məmmədovu qətlə yetirən oğlu Məmməd Məmmədovun məhkəmə prosesi başa çatıb.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1996-ci il təvəllüdlü M.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 10-da baş verib. Məmməd evdə mübahisə zamanı atasını yerə yıxıb və onu boğaraq öldürüb. O, daha sonra meyiti və izlərini itirmək üçün həyətdə çuxur qazaraq atasının cəsədini yandırıb.
Bundan sonra M.Məmmədov sevgilisinə hədiyyə almaq üçün şəhərə gedib. Geri qayıdanda isə atasının cəsədini yandırdığı çuxura baxıb və meyitin tam yanmadığını görüb. Bu zaman o, yenidən meyitin üzərinə benzin tökərək yandırıb. Bundan sonra Məmməd atasının yanmış cəsədini torbaya qoyaraq həyətdə ağacın yanında basdırsa da, torbanın bir qismi çöldə qalıb.
Məmməd özündən şübhələri yayındırmaq üçün polisə atasının itkin düşməsi ilə bağlı məlumat verib. Dekabrın 11-də isə Nizami rayon polis idarəsinin əməkdaşları gələrək, evə baxış keçirib gediblər. Bir gün sonra polis əməkdaşları təkrarən gələrək, ev və həyətyanı sahəyə ətraflı baxış keçirərək, şübhəli bir şey aşkarlanmadan gediblər. Polis əməkdaşları getdikdən sonra Məmmədin bibisi oğlu Azad Məmmədovun meyiti olan torbanı həyətyanı sahədən tapıb və polisə məlumat verib.
Cinayəti törədən Məmməd Məmmədov isə dekabrın 13-də saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Məmməd Məmmədov Vətən müharibəsi iştirakçısı olub.