Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 17 yanvar tarixində Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, ATMU-nun tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Belçikanın Brüssel şəhərində baş tutan təlim proqramının yekunlarına dair məlumat sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə koordinatoru Səidə Məmmədova layihənin mahiyyəti, tərəfdaşlar, səfərin məqsədi barədə ətraflı məlumat verdi. Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndənin beynəlmiləlləşmə sahəsində Avropa təcrübəsindən yararlandığını bildirib.
ATMU-nun Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov qeyd edib ki,məhz belə təyinatlı tədbirlərdə yaxından iştirak universitetlər və beynəlxalq tərəfdaşlar arasında təcrübə mübadiləsinə, həmçinin Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təcrübədən lazımınca yararlanmasına münbit zəmin yaradır.
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində keçirilən tədbirin iştirakçısı, ATMU-nun rektor köməkçisi Samir Məhərrəmov öz çıxışında EFMD Global təşkilatı tərəfindən edilən təqdimatlar, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi və strategiyaları, beynəlxalq şəbəkələşmənin qurulması istiqamətində fəaliyyət mübadiləsi kimi məsələlərə münasibət sərgilədi.
12-16 dekabr 2022-ci il tarixlərində Belçikanın Brüssel şəhərində keçirilən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov iştirak edib.