Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, buna səbəb Moskva ilə Tbilisi arasında münasibətlərə dair bəyanatlar olub.

İMEDI telekanalının məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi Andrey Kasyanovdan son açıqlamaları ilə bağlı izahat tələb edib.

Bir gün əvvəl Ukraynanın yerli nəşrinə müsahibəsində o bildirib ki, Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər bərpa olunarsa, səfirlik ukraynalıların kütləvi təxliyəsinə kömək üçün beynəlxalq təşkilatlara müraciət etmək imkanını istisna etmir. Kasyanov, həmçinin qeyd edib ki, Tbilisi Aİ və NATO-ya inteqrasiya kursunu rəsmən müəyyən edib, lakin hakim partiyanın siyasətçilərinin Rusiya ilə hava nəqliyyatının mümkün bərpasına müsbət reaksiyası ölkənin “başqa istiqamətə getməyə başladığını deməyə əsas verir."