Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hökumətini Moskvanın nümayəndəsi ilə əvəzləmək üçün Azərbaycanın Qarabağdakı erməni azlığını manipulyasiya edir.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Times" nəşri məlumat yayıb.
Məqalədə sözügedən ssenarinin Kremlin öz imperiya təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada hazırladığı digər mübahisələri xatırlatdığı qeyd olunub.
"Rusiyanın "sülhməramlı kontingenti" Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazisi olan Qarabağa göndərilib. Bakı bütün işğal olunmuş rayonları geri ala bilsə də, Qarabağın özünün əhəmiyyətli hissəsi hələ də rus qoşunlarının nəzarətindədir. Moskva Qarabağ üzərində nəzarətini gücləndirir və Ermənistanın özünə hakim olmaq üçün regiondan istifadə etməyi planlaşdırır", - qeyd olunub.
Məqalədə yer tutan digər məsələ isə Moskvanın adamı Ruben Vardanyanın Qarabağdakı terrorçu rejimə "dövlət naziri" olunmasıdır: "Vardanyan indi Kreml tərəfindən İrəvanın xarici siyasətini Qərbə yönəltməklə Moskvanı özündən uzaqlaşdıran Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə hazırlaşır. Vardanyan Ermənistanın yeni milli lideri olduğunu iddia edir və Rusiyanın tam diplomatik, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkilərində iştirak etməyə hazırlaşır.
Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxın adamdır. O, ölkənin prezidenti yanında "ekspert şuraları"nda çalışıb və Kremlin rəhbərlik etdiyi Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi olub.
O, ofşor şirkətlər vasitəsilə pulların yuyulmasında və Putinin nüfuzlu yaxınlarına pul köçürməkdə ittiham olunur".
Məlumatda qeyd olunub ki, Vardanyan Qarabağdakı qiymətli yataqları istismar edir: "Vardanyan Qarabağa rəhbərlik etməyə başlayandan sonra qeyri-qanuni yolla regionun Azərbaycana məxsus mis, molibden və qızıl yataqlarını ələ keçirib. Rusiya hərbçiləri tərəfindən qorunan sərvətlər ətraf mühitin mühafizəsi qaydalarına zidd olaraq talan edilib. Azərbaycan hakimiyyəti ekspertlərə mədənlərə giriş icazəsi verilməsini tələb etsə də, bu, dəfələrlə rədd edilib.
Azərbaycan QHT-ləri və ətraf mühit fəalları separatçı anklavdan təbii sərvətlərin çıxarılmasının qarşısını almaq üçün aksiyalar keçirməklə cavab veriblər. Bu qanuni etirazları gözdən salmaq üçün Vardanyan erməniləri Azərbaycan əleyhinə nümayişlərdə iştiraka təhrik etməklə və yalandan ekoloji etirazların Bakının Qarabağda erməniləri acından öldürmək üçün təşkil etdiyi blokada olduğunu iddia edərək humanitar böhran yaratmağa çalışıb. Lakin bu dezinformasiya hətta erməni mənbələri tərəfindən də ifşa olundu və göstərdi ki, ərzaq, dərman və Qızıl Xaç humanitar yardımı heç bir maneə olmadan çatdırılmağa davam edir".
Ağarza Elçinoğlu