"Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişmələri ərzaq məhsullarının bahalaşmasında özünü göstərir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işlər görür".

"Unikal" xəbər verir ki, bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. 

Şöbə müdiri bildirib ki, ərzaqlıq buğdanın stimullaşdırılmasına dair fərman imzalanıb: "Bizim əsas asılılığımız buğda idxalı ilə bağlıdır. Pivot suvarma sistemi tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb ərzaqlıq buğda istehsal etdiyi təqdirdə onun hər tonuna 100 manat əlavə məhsul subsidiyası əldə edəcək. Bu, ciddi təşviqdir və buna maraq var. Birinci mərhələdə 23 500 hektar müəyyənləşdirərək Nazirlər Kabinetə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min hektarda pivot suvarma sistemi tətbiq olunur. Bu, su qıtlığı yaşayan ölkə kimi bizim üçün çox vacibdir. Beş il ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Ciddi rəqəmdir və maliyyə yükü deməkdir. Təxmini hesablama aparmışıq ki, bu fərman çərçivəsində dövlətin qoyduğu investisiya təşviqi 1 milyard manatın üzərindədir. Düşünürük ki, bu ciddi şəkildə kənd təsərrüfatının inkişafına töhvə verəcək".

Anar Kəlbiyev