Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib. “Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların icra hakimiyyətlərinin rəsmiləri regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin 10-dan çox tabeli qurumu, eləcə də 50-dən çox yerli və xarici şirkət iştirak edib. Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib.

Tədbirdə həmçinin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rol oynayan müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar nümayiş olunub, qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişafına hədəflənən prioritet istiqamətlər üzrə məlumat sessiyaları keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri “Kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər” və “Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri” barədə fermerləri maarifləndirib. Eyni zamanda, “Kənd təsərrüfatında tətbiq olunan texnologiyalar və fermerlərə dəstək”, “Taxıl əkinlərində optimal müddətdə aqrotexniki qulluq işlərinin aparılması”, “Sadə üsulla heyvanlar üçün yemin hazırlanması”, “Yeni süd sağım texnologiyaları”, “İnnovativ suvarma texnologiyaları” mövzularında təlimlər keçirilib.

Festivalda heyvandarlıq sahəsinə aid innovativ yeniliklər də sərgilənib. Süni Mayalandırma Mərkəzi tərəfindən süni mayalandırma və embrion köçürülməsi yolu ilə doğulan mələzlər nümayiş edilib. Həmçinin, festival zamanı Baytarlıq və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri tərəfindən səyyar baytarlıq xidməti həyata keçirilib. Müraciətə əsasən Ağdaş rayonunun Ləki kəndindəki fermer təsərrüfatına baxış keçirilərək lazımi tədbirlər görülüb. Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.