Azərbaycanın İrandakı səfirliyində baş verən dəhşətli hadisə və həmin hadisə nəticəsində bir nəfərin qətlə yetirilməsi vəhşilikdir, terror aktıdır, beynəlxalq hüquqlara ziddir. Baş verən bu hadisədən İran dövlət olaraq məsuliyyət daşıyır.
Bunu "Unikal"a açıqlamasında deputat İmamverdi İsmayılov bildirib.
"Əminliklə deyə bilərəm ki, İran İslam Respublikası Azərbaycan-İran münasibətlərinə xələl gətirmək istəyənlərə dəstək verir, həmçinin üzülərək qeyd edim ki, bu hadisə Tehranda yaşayan soydaşlarımız üçün də artıq bir təhlükənin olması faktını danılmaz edir. Bu gün beynəlxalq aləm bu cür hadisələrin qarşısının alınmasında birgəlik nümayiş etdirməsə, daha böyük hadisələrə yol açıla bilər.
İnanıram ki, hücum edənlər, terror aktı törədənlər qanun qarşısında törətdikləri əməllərə görə cəzalarını alacaqlar. Onların bu əməllərinə qarşı lazımi tədbirlər görülməlidir və görüləcəkdir.
Şəhidimizin qanı yerdə qalmayacaq!", - deyə o qeyd edib.
Seymur Əli