Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.
Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.