“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır:
“Eyni zamanda təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir. Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikdə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur.
Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəmdəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və bu terror aktı baş verib”.