Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.
"Unikal" xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.
Baş nazir Viktor Orbanın çıxışı
- Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar.
Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm.
Mən ana dilimdə danışacağam və sizin dilinizə tərcümə olunacaq. Eyni ölçüdə olan ölkələr, hətta rəsmi danışıqları ingilis dilində aparsalar belə, öz ana dilindən istifadə etməyi xoşlayır. Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı -bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək. Mənim Prezident Əliyevlə və birinci xanımla dostluğum məhz o vaxta təsadüf edir və mən birinci xanımı da səmimi-qəlbdən salamlamaq istəyirəm.
Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var. Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.
Cənab Prezident, ötən onilliyə görə biz Sizə həmişəlik minnətdarıq. Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq bizim gələcəkdə imkanlarımız olacaq.
Cənab Prezident, səfəriniz üçün təşəkkür edirəm. Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!
xxx
20:12
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.
"Unikal" xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.