Ankaranın Baş Prokurorluğu ötən həftə Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırmaqla aksiya keçirən sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludana və Haaqada Quran nüsxəsini cıran Niderlandda fəaliyyət göstərən “Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri siyasətçi Edvin Vaqensveldlə bağlı araşdırmalara başlayıb.
"Unikal" xəbər verir ki, işin başlanmasına səbəb həmin şəxslərin son vaxtlar İsveç və Niderlanddakı əməlləri olub.
İstintaq Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələri, xüsusilə də nifaq və düşmənçiliyin salınması, dini dəyərlərin tapdalanması və ictimai etiqadı təhqir etmə məsuliyyəti ilə bağlı başlanılıb.
Qeyd edək ki, Paludanın hərəkəti Türkiyə ilə İsveç arasında ciddi qalmaqala səbəb olub. O, Quranın yandırılmasından əvvəl etdiyi çıxışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib, həmçinin Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bu və digər anti-Türkiyə hərəkətlərindən sonra İsveç Ankaranın NATO-ya üzv olmaq ərizəsinə dəstək verməyəcək. Hazırda İsveçin müraciətinin təsdiqi ilə bağlı proses dayandırılıb. İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün isə müvafiq qanun layihəsinin Türkiyə Parlamenti tərəfindən təsdiqi tələb olunur.