Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.
"Unikal" "khabaran.com"a istinadən xəbər verir ki, istintaq zamanı təqsirləndirilən İran vətəndaşı Tehran Cinayət Prokurorluğunun 1-ci şöbəsinin müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertizasına göndərilib.
O, Tehran Kəşfiyyat Polisinin 10-cu İdarəsindən Tehranın məhkəmə tibbi ekspertizasına aparılıb və dünənə qədər bir neçə saat psixoanalizdə müayinə olunub. Məhkəmə-tibb ekspertləri Azərbaycan səfirliyində terror törədən şəxsin vəziyyətini açıqlayan zaman bildiriblər ki, orta yaşlı kişidə psixi pozğunluqlar, o cümlədən şizofreniya var.
Cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir. Buna görə də o, bir ay müddətinə Tehrandakı ruhi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.
Ağarza Elçinoğlu