Saksoniya-Anhalt əyalətində yerləşən hərbi poliqonda iki Puma piyada döyüş maşınının (IFVs) toqquşması nəticəsində 12 nəfər yaralanıb. "Unikal" xəbər verir ki, bu barədə Bundesverin mətbuat xidməti bildirib.
İdarənin məlumatına görə, qəza Almaniya Ordusunun Döyüş Təlim Mərkəzində Kolbits-Letzlinger Heide poliqonunda saat 11:30-da baş verib.
“Ordu təlimi zamanı Döyüş Təlim Mərkəzinin poliqonunda “Puma” markalı iki piyada döyüş maşını toqquşub. 12 əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır”, - Almaniya silahlı qüvvələri bildirib.
Mətbuat xidmətindən əlavə edilib ki, xəsarət alanlara dərhal tibbi yardım göstərilib. Ağır bədən xəsarətləri alan şəxs helikopterlə rayon xəstəxanasına aparılıb.
Hadisə yerinə hərbi polis gəlib və toqquşmanın səbəbini müəyyən etmək üçün araşdırma aparacaq.
Bundan əvvəl Spiegel jurnalı NATO -nun çevik reaksiya qüvvələri üçün nəzərdə tutulan Puma piyada döyüş maşınlarının texniki nasazlıqlara görə döyüşə hazır olmadığını yazmışdı .