"Ötən gün İran və Ermənistanın Azərbaycana qarşı hərbi təxribat niyyətinin olması ilə bağlı yayılan informasiya heç də təsadüfi deyil".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu məsələnin arxasında İran dayanır:
"Belə bir addım atsalar, bu, onların hər ikisi üçün çox ağır nəticələrlə bitə bilər. İran hələ 29 yanvar tarixindəki dron zərbələrindən sonra özünə gələ bilməyib. Üstəlik, İrana qarşı beynəlxalq koalisiya formalaşdırılır. Bu iş ABŞ və İsrailin rəhbərliyi ilə aparılır. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bu prosesdə iştirak etmək istəyirlər.
İranın təxribata əl atması onun öz ölüm aktını imzalaması kimi bir addım olacaq. Azərbaycan Ordusu hər cür təxribata cavab vermək imkanındadır. Qardaşımız Türkiyə ağır sınaqlarla üz-üzə qalsa da, ayaq üstədir və bu məsələlərdə çox həssasdır. Əgər Ermənistan belə riyakar addımlar atacaqsa, bu prosesin onlar üçün də çox ağır nəticələri olacaq. Ən böyük zərbə isə İrana dəyəcək, çünki ona qarşı yaradılan "Anti-İran" koalisiyası tez bir zamanda hərəkətə keçə bilər və İrandakı 3 mindən çox hərbi obyektlər, siyasi ofislər zərbəyə məruz qala bilər. Bununla da molla rejimi tarixin zibilliyinə atıla bilər".
Qabil Hüseynli qeyd edib ki, təxribat planında söhbət İran ordusunun bütün potensialından getmir:
"Söhbət İranın Cənubi Azərbaycanda formalaşdırdığı təxribatçı qruplaşmalardan gedir. İran hazırda o halda deyil ki, indi bütün resurslarını və hərbi potensialını Azərbaycana qarşı çevirsin. Bu, İran üçün intihar kimi bir addım ola bilər. Belə bir addım atarsa, İranı yer üzündən silərlər. Bizim üçün təhlükəli bir şey ola bilər ki, İran manqurtlaşmış, milli şüuru yerində olmayan bəzi güneyli soydaşlarımızdan istifadə edər və onların əlinə silah verərək bizim üstümzə göndərə bilər. İran bu istiqamətdə çalışır və təxribatçı qrupları Ermənistanla birlikdə formalaşdırır. Düşünürəm ki, nə İranın, nə də Ermənistanın potensialı Azərbaycana hücum etməyə kifayət etməyəcək. Bu, onların fikrindən keçsə də, reallaşdıra bilməzlər", - deyə o bildirib.
Murad İbrahimli