"Azərbaycan zəlzələnin ilk saatlarından Türkiyənin yanında oldu. On üç milyondan çox insanın taleyinə təsir edən zəlzələ bizi sarsıtdığı kimi Azərbaycan xalqını da sarsıtdı. Biz iki can, bir ürək olduğumuzu bu faciəvi hadisədə bir daha aydın gördük".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirilən brifinqdə deyib.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin səfirliyində oldu və baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və türk xalqının, Türkiyə dövlətinin yanında olduğunu bildirdi.
Zəlzələdən 6 saat keçmədən Azərbaycandan Türkiyəyə dəstək gəldiyini diqqətə çatdıran səfir qeyd edib ki, Prezident İlham Əliyevin təlimatları əsasında bu gün də qardaş Azərbaycan Türkiyənin yanındadır.