Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə biləcək.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, sərbəst vəsait dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Təklif olunan dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək.
Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev