1963-cü ildən bu günədək təşkil edilən Münxen Təhlükəsizlik Konfransı hər zaman dünyada təhlükəsiz həyatın təmin edilməsini və bu prosesin həlli yollarını gündəliyin əsas mövzusu kimi diqqətdə saxlayır. Bu baxımdan, dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində Münxen Konfransı vacib platformadır. Münxen Təhlükəsizlik Konfransı bu gün qlobal siyasətlə bağlı ən nüfuzlu platformalardan biri kimi çıxış edir. Bu Konfrans çərçivəsində təşkil olunan sessiyalarda səslənən fikirlər və dərc edilən hesabatlar Avro-Atlantik oxundakı mərkəzlərin qlobal siyasətlə bağlı qiymətləndirmələri ilə bağlı mühüm məlumatlar verən mənbələr kimi dəyərləndirilir, qlobal siyasətlə bağlı tapıntıları ortaya çıxarmaq məqsədi daşıyır.

Prezident İlham Əliyevin bu konfransa ali qonaq kimi dəvət alması və orada iştirakı dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, eyni zamanda Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır.  Azərbaycanın Qarabağın bərpası baxımından yeni investisiyalar cəlb edə bilməsi üçün Münxen Konfransında iştirakın daha bir mühüm faydası şəbəkə qurmaq, onu genişləndirmək imkanıdır.

Prezident İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. Prezident Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Cənab Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.”  İştirakçılar həm siyasi, həm də iqtisadi mənada təhlükəsizlik sahəsində real təcrübəyə malik olduğundan Prezident İlham Əliyev biznes dairələri ilə bu istiqamətdə həm də fayda qruplarının necə, nə qədər və harada fəaliyyətini müzakirə və mümkün etmək üçün önəmli görüşlər keçirdi. Xüsusilə qeyd olunmalıdır ki, tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər. Zamanın tələbinə uyğun olan bu cür görüşlər gələcəkdə üç Qafqaz ölkələri arasında sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsasını qoya bilər.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov