“1982-ci ildə indiki Heydər Əliyev sarayında beynəlxalq poeziya bayramı keçirilirdi. Gecəyə SSRİ-nin bütün respublikalarından tanınmış şairlər gəlmişdilər. Respublikanın bütün rəhbərliyi, başda Heydər Əliyev olmaqla, salondaydı. Azərbaycandan üç nəfər çıxış edəcəkdi. Gənclərdən məni məsləhət görmüşdülər. Gecə boyu bütün danışıqlar, şeirlər rusca... Salon yüzə-yüz azərbaycanlı… Mən mikrofonun qarşısına keçəndə, sanki etiraz olaraq, bərkdən "Sağ ol, ana dilim" şeirini dedim. Salondan alqış qopdu. Hələ nə söyləyəcəyimi bilmədən”.
"Unikal" xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.
“Həmin şeirdən sonra o alqışlar uzun sürə davam etdi. Qonaqlar bu sevgini görüb mənim çıxışımla maraqlanırdılar. Gecənin sonunda qonaqlar və rəhbərlik səhnənin arxasında çay süfrəsinə yığışanda bizim məmurlar mənə salam vermədən, incik görkəmlə, küsülü kimi kənardan keçirdilər. Yəni o nə şeirdir bu dostluq gecəsində oxudun? Sanki atalarına söymüşdüm. Sıxıntı içində bir kənarda dayanmışdım. Birdən Heydər Əliyevin gözü mənə sataşdı. "Yaxın gəl!”, - deyib əlimi sıxdı. “- Təbrik edirəm, gözəl şeirdir",- dedi. Birdən-birə buz əridi, yanımdan küsülü keçənlər, yollarını dəyişib bu dəfə məni hərarətlə təbrik etməyə başladılar”, - deyə o bildirib.