Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tələbə və məzun işləri üzrə komitənin ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, toplantı layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilib. Görüş zamanı müzakirə olunan əsas mövzular komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları oldu. İclasın gedişində qeyd olunan məsələlərlə bağlı tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edildi.  

İclas gedişində 3 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

65 faiz səs çoxluğu ilə Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov idarə heyətinin sədri seçilib. 

Növbəti mərhələdə sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru Gülçöhrə İbrahimova sədrin müavinləri seçiliblər. 

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzun işləri üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub. 

Səidə Məmmədova bakalavr təhsilini Beynəlxalq münasibətlər ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini eyni ixtisas üzrə Bakı Slavyan Universitetində alıb. Hazırda Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə qiyabi doktorantıdır. 
S. Məmmədova əmək fəaliyyətinə 2010-cu ildən başlayıb. O, 2010-2018-ci illdərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Beynəlxalq əlaqələr şöbəsinin metodisti, Əcnəbi tələblər üçün Hazırlıq şöbəsinin müdiri, Beynəlxalq əlaqələr və əcnəbi tələbələr üçün Hazırlıq şöbəsinin müdiri vəzifələrini icra edib. 2019-cu ildən etibarən ATMU-da əmək fəaliyyət ilə məşğuldur.  O, eyni zamanda 2013-cü ildən etibarən pedaqoji fəaliyyətlə də məşğuldur.

S. Məmmədova, ATMU-da Ümümdünya Turizm Təşkilatının TedQual akkreditasiyası, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə sertifikasiyası işində iştirak edir. S. Məmmədova ATMU-da “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsində fəaliyyət göstərmiş, “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən pilot kursları (PİCASP)” layihəsinin uğurla reallaşdırlmasında iştirak etməkdədir. Həmçinin Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, ATMU-nun tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsini universitet tərəfindən koordinasiya edir. 

S. Məmmədova universitetin strateji məqsədlərinə uyğun olaraq yüksək peşəkarlığa malik tələbə və məzunların yetiştirilməsi işinə dəstək olur, tələbə və məzunların karyera inkişafı üçün strategiyalar hazırlayır, inkişaf etdirir, həyata keçirilməsinə rəhbərlik edir və nəticələrini mütəmadi olaraq qiymətləndirir. Həmçinin o, ATMU-nun fəaliyyətində maraqlı tərəflərlə, xüsusilə sənaye ilə Universitet arasında əlaqələrin qurulması işini koordinasiya edir. S. Məmmədova Universitetin strateji inkişaf planına əsasən əmək bazarının ehtiyaclarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir.

ATMU tələbələrinin istehsalat təcrübəsinin təşkili prosesi S. Məmmədovanın koordinasiyası ilə həyata keçirilir. Tələbə və məzunlarla, o cümlədən tədbirlərin təşkili və marketinq işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər görür, onların keyfiyyətinin artırılmasını koordinasiya edir.