Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən kosmik texnologiyalar sahəsində Avropa ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Saməddin Əsədov Azərbaycanın peyklərinin orbitə buraxılmasında avropalı tərəfdaşların rolunu vurğulayıb, bu sektorda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Peter Mixalko Avropa İttifaqının Azərbaycanla əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdə Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) genişləndirilməsində Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin Azəkosmosla tərəfdaş olması yüksək qiymətləndirilib. Həmçinin oktyabrın 2-dən 6-dək Bakının evsahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin hazırlıq prosesindən danışılıb. Tədbirin Azərbaycana kosmos sahəsində, xüsusilə avropalı tərəfdaşlarla əməkdaşlıq baxımından böyük imkanlar açacağı bildirilib.