Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Sumqayıt şəhərində yerləşən Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
“Unikal” xəbər verir ki, qəbulda iştirak edən rayon sakinləri 18 məsələ qaldırıb ki, onlardan 6-sı yerində həll olunub, 10-u baxılması üçün nəzarətə götürülüb. İki məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan, eyni zamanda göstərdiyi diqqət və qayğıya görə RİH başçısı Malik İsaqova təşəkkür ediblər.