"Qarabağ" klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.
"Unikal" report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.
Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika) xeyli üstələyir. "Gent" hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.
Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. "Neftçi" (77,0) 244-cü, "Sabah" (75,5) 307-ci, "Zirə" (71,9) 615-ci, "Qəbələ" (71,7) 628-ci, "Turan Tovuz" (68,7) 992-ci, "Sumqayıt" (65,6) 1514-cü, "Şamaxı" (65,4) 1556-cı, "Kəpəz" (65,0) 1651-ci, "Səbail" (64,6) isə 1731-ci yerdə qərarlaşıb.
Elita təmsilçilərindən "Neftçi", "Qəbələ", "Turan Tovuz", "Sumqayıt", "Kəpəz" və "Səbail" irəliləyib, "Sabah", "Zirə" və "Şamaxı" geriləyiblər.