Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib.  

"Unikal" xəbər verir ki, konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, başçının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, İnstitutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, İnstitutun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov,  İnstitutun “Məntiq” şöbəsinin elmi işçisi  Vüsalə Gülmalıyeva və  ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İlk öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.Daha sonra tədbir iştirakçıları  Ulu Öndərin, Şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişmiş qardaş və bacılarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxışında bildirdi ki, cari ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. 

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndərin siyasi hakimiyyətə qayıdışı tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olmuşdur. 

Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Professor İlham Məmmədzadə “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasları və multikulturallıq”, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturu və Azərbaycan-Türkiyə birliyi”, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Azərbaycanda multikulturalizm və milli-mənəvi dəyərlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Heydər Əliyevin dövlətçilik kursunda siyasi varislik və yeni liderlik”, elmi işçi Vüsalə Süleymanova isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında ətraflı çıxış etdilər. YAP Qaradağ Rayon

Təşkilatının sədri Qafar Əliyev də Ulu Öndərin fəaliyyəti barədə qısa çıxış edib. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi və tədbiri yekunlaşdırdı.