Milli Məclisin bu gün keçirilən iclasında deputat Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisəsinin verdiyi "Forma-88"in ödənişli olmasından şikayətlənib.
"Unikal"ın məlumatına görə, deputat bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var.
Onun sözlərinə görə, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərdən biri tibb müəssəsiləri tərəfindən göndərilən “Forma-88”in düzgün doldurulmaması ilə bağlıdır: “Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən “Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin, ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın”.
Anar Kəlbiyev