"Müharibənin uzanması və Rusiyanın hədəflərinə nail olmaması, əsasən Rusiyanın zirehli texnika və digər hücum vasitələrinin çatışmazlığı ilə əlaqədardır".
Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Fedarativ ölkədə uzaqmənzilli raket və artilleriya sistemlərinin çatışmazlığı hökm sürür və bu problem Ukraynada da mövcuddur:
"Bu problemlər təkcə Rusiyaya aid deyil. Eyni zamanda Ukraynaya silah və sursat tədarükü ilə məşğul olan Aİ və NATO ölkələri də eyni problemlərlə qarşı-qarşıyadır".
Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ölkəmiz üçün heç bir mənfi nəticəsi yoxdur:
"Düşünmürəm ki, Ukrayna və Rusiya arasında olan müharibə Azərbaycan üçün birbaşa hansısa mənfi nəticələri olsun. Yəni bu mənfi nəticələr digər dövlətlərə göstərdiyi təsiri Azərbaycana da göstərə bilər. Lakin Azərbaycan bu müharibədən öz maraqlarında istifadə edə bilər. Bunun üçün Müdafiə Sənayesi Nazirliyimiz hazırda dünyada silah bazarında sursatlara yaranan boşluğu və tələbatı ödəmək üçün uyğun addımlar ata bilər. Bu uyğun addımlar idarə olunan və uzaqmənzilli silah sistemlərinin istehsalı ilə əlaqələndirilsə Azərbaycan üçün silah bazarından böyük gəlirlər əldə edə bilər".
Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il ötür.
Gülayə Mecid