"Biz bütün beynəlxalq müqavilələrə qoşuluruq. Azərbaycan demokratik,açıq dövlətdir. Ölkəmiz bu cür beynəlxalq müqavilələrə qoşulmaqla özünün insan hüquqlarına olan münasibətini ortaya qoyur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar çox vaxt ədalətli qərarlar qəbul etmirlər: "Qəbul etdikləri qərarlar tərəfli və yaxud maraq çərçivəsində olur. Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Avropa Məhkəmələrinə olunan müraciətdə bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb. Seçki prosesi dövründə bunu görmüşük. Hər hansı bir dairədə 15 səs almayan insan müraciət edir və Avropa Məhkəməsi bunun haqqında qərar verir. Bu və ya digər şəkildə cinayət törədir, hansısa partiyanın sədridir, müavinidir, üzvüdür, Avropa Məhkməsi bunun haqqınd qərar verir. Məsələlərə bu cür yanaşılması insan hüquqlarına yaraşmayan hərəkətlərdir. Bir müxalifət partiyasının nümayəndəsi ərizə yazan kimi ona reaksiya verirlər. Qərarlara ciddi şəkildə yanaşmalıyıq. Ölkəmiz qərarları yerinə yetirir. Birinə 15, digərinə 20 min avro dövlətin vəsaitindən pul da ödəyirlər. Amma Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm".
Anar Kəlbiyev