Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi İnnovasiyalar Mərkəzində Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə, Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, elmi katib, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, Tədrisin təşkili və idarə edilməsi departamentinin direktoru Rafail Novruzov, Tədris hissəsinin müdiri Nazim Abbasov, professor-müəllim və inzibati heyət, həmçinin “Məşqçilik-1” fakültəsinin tələbələrinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Heydər Əliyev Mərkəzində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, ümumiyyətlə bəşəriyyət tarixinin ən dəhşətli və faciəli hadisələrindən biri olduğunu vurğulayıb və ermənilər tərəfindən törədilmiş bu terror aktının yaddaşımızdan heç vaxt silinməyəcəyini bildirib.
Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş olunduqdan sonra qanlı terror aktının canlı şahidi Mehriban Əliyeva öz acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması üçün Azərbaycan gəncliyinin aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb və tələbələri bu istiqamətdə fəal olmağa çağırıb.
Daha sonra tədbir iştirakçıları kitab fondunda olan və Xocalı faciəsinə həsr edilən kitablar və fotolarla tanış olublar.