Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.
Keçirilən tədbirlər zamanı 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.