Elektrik şəbəkəsinə qanunsuz qoşulma halları müəyyən edilən zaman görüləcək tədbirlər yeni qanun layihəsi ilə müəyyən edilir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Elektroenergetika haqqında" yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğacının oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar ötürücü və ya paylayıcı şəbəkəyə qanunsuz (ötürücü və ya paylayıcı sistem operatorunun razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” Azerbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habele qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tertib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfındən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev