Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Xətai rayon İcra Haklimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ailələri iştirak ediblər.
Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev bildirib ki, hazırda Xətai rayonu ərazisində Xocalıdan olan 14 ailə məskunlaşıb. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərib, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.Yalnız ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini alıb. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Prezident İlham Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görüb. “Xocalıya ədalət!” şüarı ilə haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar icra edilib.Vətən müharibəsində qazanılan Qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq Qarabağa dönüş başlanılıb.
YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı.
Anım mərasimi zamanı Rafiq İsayev əslən Xocalıdan olan şəxslərlə söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb.
Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.