"İnsanlar yarım milyon artıb, heyvanlar bir milyon azalıb. Son 10 ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, statistika komitəsi bildirir ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xirdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub.
"Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb, əhali sayı isə 2016-ci illə müqayisədə 500 mindən çox arttıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon artıb, heyvanlar sayı isə bir milyon azalıb.
Heyvanların sayının niyə azalmasına gəlincə, ekspert qeyd edib ki, səbəblər çoxdur:
"Amma başlıca səbəb yem məhsulları amilidir. O cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2417000 hektara enib, yəni, 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir".
Anar Kəlbiyev